Giriş sözü
„Almaniyada 2008-ci ildə Azərbaycan mədəniyyəti ili“nin əyalətimizin paytaxtında keçirilən yekun festivalını böyük sevinc hissi ilə salamlayırıq. Azərbaycan, tarixində ilk dəfə olaraq öz zəngin mədəni irsini ölkə xaricində belə geniş şəkildə təqdim edir. „Odlar Yurdu“na kəşf edici səfər bu günədək böyük müvəffəqiyyətlə müşaiyət olunub və indi də öz layiqli sonunu Baden-Vürtemberq mədəni bölgəsində tapmağa hazırlaşır.
Almaniyanın cənub-qərb bölgəsinin Rusiyadan cənubda yerləşən bu Qafqaz dövləti ilə əlaqələri bilindiyindən daha qədimdir və zəngin ənənələrə malikdir. Azərbaycanda ilk alman yaşayış məntəqəsinin özülünü qoyan Şvabiya mənşəli mühacirlər üzümçülük təsərrüfatı ilə məşğul olmuş və beləliklə də Azərbaycan şərabının Asiya qitəsindəki uğurunun əsasını qoymuşlar.
Bu səbəbdən „Almaniyada 2008-ci ildə Azərbaycan mədəniyyəti ili“ çərçivəsində Ştutqartda həyata keçiriləcək şərab təqdimatı mərasimi həm də qədim əlaqələrimizi xatırladacaq. Almaniyanın cənub-qərb bölgəsi ilə Azərbaycan arasında uğurlu iqtisadi münasibətlər bu ilin sentyabr ayında Baden-Vürtembergin iqtisadi nümayəndə heyətinin Bakıya səfəri ilə daha da dərinləşib.
„Almaniyada 2008-ci ildə Azərbaycan mədəniyyəti ili“nin yekun festivalı artıq Hamburq, Berlin, Drezden, Bonn və Münxen şəhərlərində kütləvi şəkildə böyük maraq doğuran və beynəlxalq çərçivədə tanınan Azəybacan incəsənət xadimlərinin iştirakı ilə həyata keçirilən konsert, rəqs və sərgi proqramını tamaşaçıların diqqətinə təqdim edir. Biz bu ecazkar ölkənin mədəniyyəti ilə tanış olmağa səmimi qəlbdən sevinirik.
Günther H. Oettinger
Baden-Vürtemberq federal torpağının baş naziri







