Əziz dostlar!
Azərbaycan – zəngin incəsənət ənənələri, inkişaf etmiş və özünəməxsus mədəni dəyərləri və qədim tarixi olan bir ölkədir. Alimlərin Azıx mağarasındakı arxeoloji tapıntıları ona dəlalət edir ki, hələ milyon illər əvvəl burada insan məskən salmış, bəşəriyyətin mədəni inkişafının, demək olar ki, bütün mərhələləri bu torpaqda öz izini qoymuşdur.
Bəşər mədəniyyətinin qızıl fonduna və UNESCO-nun ümumdünya mədəni irsi siyahısına daxil olan 35-40 min illik tarixə sahib Qobustan, 1300 illiyi UNESCO-nun xətti ilə keçirilən «Kitabi-Dədə Qorqud» dastanı, əsrarəngiz muğam sənəti, orta əsr Azərbaycan ədəbiyyatının dahiyanə əsərləri, unikal qəsrlər, qalalar, çağdaş musiqi, xəttatlıq, xalq sənəti örnəkləri və s. Azərbaycan mədəniyyətinin ən yığcam siyahısını təşkil edir.
Şərqlə Qərb düşüncəsinin optimal sintezini, milli və qərb mədəniyyətlərinin ahəngdar birləşməsini təmsil edən XX əsr Azərbaycan ədəbiyyatı və incəsənəti nümunələri dünyanın müasir mədəni sərvətləri sırasına daxil olmaqdadır.
İndi Azərbaycan dünyada daha çox mədəniyyət və turizm məkanı kimi tanınmaqdadır. Almaniyada Azərbaycan ilinin keçirilməsi də qədim bir xalqın unikal mədəniyyətinin tanıdılması yolunda atılan növbəti bir addımdır və bu prosesin dəstəklənməsinə yönəlmişdir. Almaniyada Azərbaycan ilinin miqyası və məzmun zənginliyi misilsizdir. Bir il ərzində keçiriləcək müxtəlif tədbirlərdə müasir dövrümüzün ən görkəmli musiqiçiləri, tanınmış bədii kollektivləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Əminəm ki, 2008-ci il ölkələrimiz arasında mədəni əməkdaşlığın yeni, unudulmaz mərhələsi kimi yadda qalacaqdır.
Əbülfəs Qarayev
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri







