
Səyahət-kəşflər
Bu qədər gözəlliklərə sahib olan ikinci bir ölkə çətin tapıla: qumlu səhralar, buzlaqlar, bozqırlar, tropik meşələr, palçıq vulkanları, üzüm bağları, pambıq tarlaları, dəniz və uca dağ silsilələri istirahət axtarışında olan hər bir kəsə macəra vəd edir. Rəngarəng flora və faunası, dəyişkən uca dağları və zəngin mədəniyyəti olan Azərbaycan turistlər üçün eksklüziv bir ünvan olaraq qalır.
2005-ci ildə 1,3 milyon turist bu ölkəyə səyahət etmişdir və onların sayı artmaq üzrədir. Turizm infrastrukturunun yaradılması və genişlənməsi də artım təmayülünə müsbət təsir göstərir. 2000-ci ildə bütün Azərbaycanda qərb standartlarına uyğun gələn cəmi 10-12 mehmanxanın mövcud olduğu halda, bu gün onların sayı artaraq müxtəlif zövq və qiymət spektrlərini əhatə etməyə başlamışdır.
Turistləri cəlb edən əhəmiyyətli istirahət ocaqları arasında ilk növbədə Xəzər dənizinin füsunkar sahil zolağını qeyd etmək lazım gəlir. Dənizdə çimmək istəməyənlər isə dağların qoynuna, müalicəvi mineral su mənbələri və palçıq vannalarına üz tuta bilər. Səyahətçilər burada müalicəvi Naftalan neftinin çeşidli sahələrdə tətbiqindən faydalanmaq imkanına malikdir.
Bəşəriyyətin təşəkkül tapdığı ən qədim coğrafi məkanlardan biri hesab edilən Azərbaycan önəmli memarlıq və mədəniyyət abidələri ilə zəngindir. Qədim xristian kilsələri ilə yanaşı bu ölkədə orta əsr qəsrləri, eləcə də, atəşpərəstlərin müqəddəs məbədi sayılan atəşgah yerləşir.
„Küləklər şəhəri“ adlanan paytaxt Bakıda çoxlu görməli və gəzməli yer var. Bilavasitə Bakının mərkəzində dünyada məşhur olan və eyni zamanda qala kimi tanınan İçəri Şəhər yerləşir. Üzərində dar döngələr və köhnə evlər, çox sayda kiçik məscidlər və karvansaralar yerləşən bu məzərəli tarixi kompleksə Şirvan xanlarının sarayı və 11-ci əsrdə tikilmiş Qiz Qalası da daxildir. 2000-ci ildə İçəri Şəhər UNESCO tərəfindən tərtib edilən ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.







