Muğamın vətəni
Azərbaycanın musiqi mədəniyyəti cəmiyyətdə dərin kök salaraq əsrlər boyu sosial-mədəni mərasim və məişət hadisələrinin ifadə forması olmuşdur. Mahnı və musiqi sərvəti nəsildən nəslə ötürülmüş və onun formalaşma prosesi tarix boyu davam etmişdir.
Mahnılar toplusu kimi xalq rəqsləri də özündə uzun əsrlik ənənələri əks etdirir. Yallı qrup rəqsi ehtimala görə ovdan qabaq ifa olunurmuş. Lakin bu rəqsin həmçinin zirək və elastik hərəkətlər üçün təlim olması barədə fərziyyə də mövcuddur. Azərbaycan rəqslərinin əksəriyyəti solo şəklində ifa edilir. Kişi rəqsləri mərdlik və igidlik, qadın rəqsləri isə təmkinlilik və həsasslıq ifadə edir.
Azərbaycanın qədim və önəmli musiqi janrlarından biri aşıq yaradıcılığıdır. Aşıqlar bəstəkar, müğənni və hekayəçi funksiyalarını bir şəxsin yaradıcılığında cəmləşdirərək, əxlaqi və dini məzmunlu şer və nəğmələr ifa edirlər. Aşıq ifası milli alət olan saz, nağara və balabanla müşaiyət olunur.
Son 400-500 il ərzində muğam Azərbaycanda çox sevilən musiqi növlərindən birinə çevrilmişdir. Bir qayda olaraq üç muğam ifaçısı verilmiş mövzu ətrafında improvizasiya edir. Bu improvizasiya sanki bir yarışı xatırladır. Buna baxmayaraq, muğamın xüsusi qaydaları mövcuddur. Bura interval, musiqi tərzi və ritm aiddir. Xanəndə improvizasiya zamanı klassik lirik mətnləri interpretasiya edir. Bu günün caz musiqisi ilə eyniliklər göstərən ənənəvi muğam UNESCO tərəfindən bəşəriyyətin şifahi formada ötürülən və qeyri-maddi mədəni irsi sayılan şah əsərləri siyahısına daxil edilmişdir.
Cazı qadağan edən Stalinin ölümündən sonra 50-ci illərin əvvələrində muğam-caz və yaxud caz-muğam hərəkatı başlanır. Azərbaycan cazının banisi bəstəkar və pianoçu Vaqif Mustafazadə olmuşdur. O, milli musiqi köklərini, muğam və cazın elementlərini çevik şəkildə bir-biri ilə əlaqələndirmiş və bununla da özünəməxsus ahəng yarada bilmişdir. Tez bir zamanda özünə beynəlxalq miqyasda ad qazanan Vaqif Mustafazadə doğma vətənində 60-cı illərə kimi rəsmi olaraq tanınmamışdır. Vaqif Mustafazadə 1979-cu ildə 39 yaşında vəfat edib. Qızı Əzizə məşhur atasının yolu ilə gedərək onun musiqi irsini yaşatmağa davam edir. Əzizə Mustafazadənin özünəməxsus qeyri-adi səsi var. 1993-cü ildə o Always albomuna görə ECHO mükafatına layiq görülüb.







