Azərbaycanın ədəbi ənənəsi

Azərbaycan ədəbiyyatı qismən bu gün də xalqın əsrlər boyu yaratdığı və qoruyub-saxladığı zəngin folklor çeşmələrindən qidalanır. Xüsusilə şifahi xalq ədəbiyyatı nümunələri - əfsanələr, nağıllar, hikmətli atalar sözləri və məsəllər Azərbaycan tarixini özündə əks etdirir və onun keçmişinə nəzər salmağa imkan yaradır. Azərbaycan ədəbiyyatının beşinci əsrdən başlayaraq inkişaf etməsi təxmin edilir. Ən qədim ədəbi əsərlərdən biri olan „Kitabi Dədə Qorqud“ dastanı artıq yeddinci əsrdə Azərbaycan dilində tərtib olunmuş və on iki əfsanədən (boy) ibarətdir. Çağdaş azərbaycanlıların etnik sələfləri olan oğuzların azadlıq və müstəqillik uğrunda mübarizəsini tərənnüm edən bu dastan bu günə qədər milli folklor ədəbiyyatının ən nadir incilərindən biri olaraq qalmaqda davam edir.

İndiyədək məşhurluğuna görə bənzəri bilinməyən „Leyli və Məcnun“ dastanı şair Nizami Gəncəvi tərəfindən qələmə alınmışdır. Onun yaradıcılığı XII əsr Azərbaycan poeziyasının ən yüksək zirvəsi hesab edilir. Bəstəkar, müğənni və hekayəçi funksiyalarını bir şəxsin yaradıcılığında birləşdirən qədim aşıq ənənələri sayəsində Nizaminin şerləri çağdaş günümüzədək Azərbaycan mədəni mühitində öz əksini tapmaqdadır.

XIX əsrin əvvəllərində Azərbaycanın rus imperatorluğu tərəfindən zəbt olunması ilə qərb ədəbi cərəyanlarının Azərbaycan ədəbiyyatına təsiri daha da güclənir. Xüsusilə maarifçilik hərəkatına xas olan düşüncə tərzi Azərbaycan ədəbi mühitində mühüm rol oynamağa başlayır. Bu zaman işıq üzü görən realist hekayələr Azərbaycan ədəbi nəsrinin inkişafında önəmli yer tutur. Həmin dövrün tanınmış nümayəndələrindən biri Mirzə Şəfi Vazeh (1794-1852) olub. Onun şerləri almandilli ölkələrdə də çox sevilir. Artıq 1850-ci ildə onun əsərləri alman dilinə tərcümə edilmiş və „Mirzə Şəfinin nəğmələri“ adı altında dərc olunmuşdur.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan ədəbiyyatında milli kimliyin inkişafı prosesi kəskin surətdə dayandırılmış və geniş təqiblərə məruz qalmışdır. Kommunizm ideyalarının tərənnüm olunması Azərbaycanın milli ənənələrinə olan bağlılığı əvəz etməli idi. 1991-ci ildə Sovet İttifaqından ayrılıb dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda dövlət qayğısı sayəsində ənənəvi milli şer növləri, dastanlar və hekayələrə doğru qayıdış hərəkatı başlanıb. 2001-ci ildə Azərbaycanda latın qrafikasına keçid prosesi başa çatdıqdan sonra prezident Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının önəmli nümunələri yenidən bu qrafika ilə dərc olunub.





Əsas səhifə | Nəşriyyat | Deutsch