
Azərbaycan kino sənəti dəyişkən zaman axınında
1895-ci ildə Lümyer qardaşları Parisdə tamaşaçılar qarşısında ilk dəfə film nümayiş etdirəndən sonra hərəkət edən şəkillər bütün yer kürəsini fəth etməyə başladı. Azərbaycan da kino sənəti ilə təmasda olan və onun sehrinə düşən ilk ölkələr sırasında sayıla bilər. İki əsrin dönəmində neft sənayesinin yüksəlişini yaşayan Azərbaycan dünyanın hər yerindən bəxtlərini sınamaq eşqində olan insanları özünə cəlb edirdi. Bir çox avropalı da bu cazibənin sehrindən yan keçə bilməmişdi.
Lümyer qardaşlarının yanında operator vəzifəsində çalışmış Michon elmi foto-dərnək yaradaraq növbəti illər ərzində „Qafqaz rəqsi“, „Bibi Heybət neft mədənində yanğın“ və „Balaxanıda neft fəvvarəsi“ kimi filmlərlə Bakının məişət və iş həyatını lentə alıb sənədləşdirmişdir. Azərbaycan haqqında olan ilk filmlər sənədli filmlər idi. Bu janr çağdaş zamanımızda da öz əhəmiyyətini itirməmişdir.
1920-ci illərdə Belçikadan Bakıya gələn Piron qardaşları burada „Filma“ adı altında film istehsalı üzrə ixtisaslaşan ilk Azərbaycan müəssisəsinin əsasını qoyur. Bakı kinofabrikinin yaradılması ilə film istehsalında yeni canlanma mərhələsi başlayır. Tarixi hadisələr, qadın azadlığı və ölkədə baş verən dəyişikliklərə dair filmlər çəkilir. „Mavi dənizin sahilində“ adlanan ilk cizgi filmi də məhz bu dövrdə çəkilən filmlərin siyahısına daxildir.
1940-1950-ci illərdə Moskva ali kino məktəbində təhsillərini başa vuran gənc azərbaycanlı mütəxəssislər özləri ilə vətənlərinə yeni biliklər və texniki vərdişlər gətirir. Öz növbəsində „Ulduz“, „Nəsimi“ və „Uşaqlığın son gecəsi“ kino-filmləri 70-ci illərdə geniş ekran üçün çəkilən ilk Azərbaycan filmləri idi. Azərbaycanda yalnız milli mövzularda filmlər deyil, bəlkə də ilk növbədə ikinci dünya müharibəsi və sosializm nailiyyətləri kimi „sovet mövzuları“ ekranlaşdırılırdı.
Müstəqillik əldə olunduqdan sonra çəkilən kino-filmlərdə baş verən janr dəyişikliyi gözə çarpmaya bilməz. Azərbaycanlıların özünə satirik yanaşmasını əks etdirın komediyalarla yanaşı, milli mövzular da yenidən ekranda yer alır və uğur əldə edir.
Mərhum prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli fərmanı ilə 2 avqust milli kino günü elan edilmişdir. Bu fakt kino sənətinin ölkə və xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini nümayiş etdirir.







