bild

Miniatürlər və misgərlik sənəti

Azərbaycanın təsviri incəsənətini miniatür rəssamlığından kənar təsəvvür etmək qeyri-mümkündür. Kitablar və saxsı qabların rəsmlərlə bəzədilməsi ilə bağlı tarixi ənənə öz kökləri ilə 13-cü əsrə gedib çıxır. Çinin təsiri altında bu sənət növləri 15 və 17-ci əsrlərdə çiçəklənmə dövrünü yaşamışdır. Azərbaycan miniatür rəssamlığının zəngin üslubu ilk növbədə işıq saçan həmahəng rənglərə əsaslanır. İnsanların, paltarların, silahların və məişət səhnələrinin təsvirləri çox zaman xırda təfərrüatına kimi dəqiqliklə göstərilir.

Hətta çağdaş sənətkarlara məxsus əsərlərin üslub və rəng seçimində də antik miniatür rəssamlığı ənənələrinin izlərinə rast gəlmək mümkündür. Bununla belə, 16-cı əsrdən 17-ci əsrə keçid mərhələsində ənənəvi şərq texnikasından üz döndərib, realist üsluba müraciət edən çoxlu sayda sənətkarlar da var idi.

Avropa rəssamlıq məktəblərinin təsiri 19-cu əsrdən etibarən tədricən Azərbaycan incəsənətində də öz əksini tapmağa başlayıb. Keçmiş Sovet İttifaqının „sosialist realizmi“ iki dünya müharibəsi arasında və ondan sonrakı dövrdə Azərbaycan sənətkarlarına güclü təsir göstərmişdir. Sənaye istehsalı, fəhlə və kəndlilərin məişət həyatı kimi mövzular bu tarixi mərhələnin rəsm əsərlərində geniş əks olunub. Bu gün Azərbaycan incəsənəti Avropa və ənənəvi Şərq texnikasının ahəngdar qarışığı kimi xarakterizə oluna bilər.

Ölkə incəsənətinin ən qədim növlərindən olan tətbiqi sənət sahələri zəngin ənənəyə malikdir. Azərbaycan misgərlərinin hazırladıqları mükəmməl formalı və böyük zəhmət tələb edən incə naxışlarla bəzənmiş əl işləri məşhurdur və çox sevilir. Ornamentlərin əsasını düz və sınmış xəttlərdən, saysız-hesabsız nöqtələrdən, üçbucaq və romblardan ibarət mürəkkəb kompozisiyalar təşkil edir. Eyni zamanda bitki motivləri, heyvan, sonralar isə günəş və insan təsvirləri də misgər incəsənətinin ornamentlərində əsas yer alır. Çox vaxt bir-birinə sarılmış ərəb hərfləri ornamentləri tamamlayır.





Əsas səhifə | Nəşriyyat | Deutsch