
Alman-Azərbaycan əlaqələri
Alman-Azərbaycan əlaqələrinin kökü 19-cu əsrin əvvələrinə, Qafqazda tarixi məskunlaşma ənənələrinə malik olan çoxsaylı almanların Azərbaycanda yerləşməyə başladığı dövrə gedib çıxır. Bu günün özündə də iki ölkə arasında mədəniyyət sahəsindəki mübadilə, özülü o zaman qoyulan ənənələrə əsaslanmağa çalışır. Bu baxımdan vaxtilə Bakıda alman icması tərəfindən tikilmiş Kapellhausun iki ölkə arasında qarşılıqlı mübadilənin gerçəkləşdiyi mədəniyyət mərkəzinə çevrilməsi təsadüfi deyil.
Xüsusilə alman dilinə olan maraq Azərbaycanda 90-cı illərdən etibarən artmaqdadır. Bu inkişaf təmayülünü dəstəkləmək məqsədilə Bakıda, Azərbaycan Dillər Universitetinin nəzdində oxuculara alman dilində kitab, qəzet və jurnal mütaliə etmək imkan yaradan alman oxu zalı açılmışdır (1998-ci il). Hər il çox sayda təqaüdlər verən Alman Akademik Mübadilə Xidməti (DAAD) tələbələrin və elmi işçilərin mübadiləsində önəmli rol oynayır.
Hazırda bir DAAD lektoru Bakıda alman dili tədrisinə yardım göstərir. Xüsusilə Bakıda, Kapellhausda çeşidli dil kursları ilə yanaşı, bir sıra mədəni tədbirlər də həyata keçirilir. Vaxtilə Kapellhaus məhz Alman-Azərbaycan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərmək məqsədilə bərpa edilmişdi.
1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan və Almaniya arasında münasibətlər siyasi və iqtisadi zəmində də intensivləşərək, geniş vüsət almışdır. Qarşılıqlı dövlət səfərləri çərçivəsində ən son olaraq Azərbaycanın dövlət başçısı İlham Əliyev 2007-ci ilin fevral ayında Almaniyaya rəsmi səfər etmişdir. Eyni ay ərzində Almaniyanın Federal Xarici İşlər Naziri Frank-Valter Ştaynmayer ilk dəfə olaraq Azərbaycana səfər edib. Son illərin iqtisadi yüksəlişi nəticəsində artan qarşılıqlı ticarət dövriyyəsi 2006-cı ildə ilk dəfə olaraq bir milyard avro keçidini adlamışdır.
2008-ci ildə Almaniyada Azərbaycan İli – Mədəniyyət proqramının keçirilməsi nəticəsində iki ölkə arasında mədəni mübadilənin yeni səviyyəyə qalxmasının şahidi olacağıq. İlk dəfədir ki, Azərbaycan belə bir uzun müddət ərzində öz mədəniyyətini Avropa ölkələrindən birində nümayiş etdirəcək. Bu təşəbbüs ümumilikdə mədəniyyətə və xüsusliə də Alman-Azərbaycan mədəni mübadiləsinə artan marağı dəyərləndirir və dəstəkləyir.







